Milli Mətbuat günü

Bakı

Azərbaycanda ictimai şüurun və özünüdərketmənin formalaşmasında milli mətbuatın tarixən çox böyük rolu olub. Əsası 22 iyul 1875-ci ildə nəşr olunan “Əkinçi” qəzeti ilə qoyulan milli mətbuat XIX əsrin sonu, XX əsrin əvvəlində milli məfkurəni formalaşdırdı. O məfkurə ki, 1918-ci ildə şərqdə ilk demokratik respublika yaratdı, Avropa və Amerikadan fərqli olaraq ilk dəfə qadınlara seçki hüququ verdi, musiqi, teatr mədəniyyətində inqilab etdi və s.

Bu gün Azərbaycanın qarşısında yeni çağırışlar var. Azərbaycan dünyada öz yerini möhkənləndirir, müstəqilliyini, suverenliyini daha da dayanıqlı edir, ərazi bütövlüyünü bərpa etməyə çalışır, iqtisadiyyatını inkişaf etdirir, güclü iqtisadi və sosial islahatlar aparır, dünyaya yeni dəyərlər bəxş edir və s. Bütün bu çağırışlara layiqli cavab verməkdə milli birliyin və yeni milli məfkurənin rolu həlledicidir. Bu nöqteyi nəzərdən milli mətbuatın rolu çox vacibdir.
Azərbaycanda mətbuatın ən yeni texnologiyaları inkişaf etmişdir. Mətbuat və söz azadlığı təmin olunmuşdur. Azərbaycan internetdə məhdudlaşdırılmanın tətbiq edilmədiyi azsaylı ölkələrdən biridir.

Azərbaycan Prezidentinin milli mətbuata qayğısı həmişə hiss olunur. Bütün mətbuata (siyasi mövqeyindən asılı olmayaraq) dövlət dəstəyinin göstərilməsi, jurnalistlərin mənzillərlə təmin olunması Azərbaycan Prezidentinin mili mətbuatın inkişafına hərtərəfli dəstəyinin bariz nümunəsidir.

Mən də 22 iyul Milli Mətbuat günü münasibətilə ölkədəki bütün mətbuat işçilərini - dostlarımızı təbrik edirəm, onlara bu çətin, ancaq şərəfli işlərində uğurlar arzu edirəm. Qələminiz və klaviaturaınız daim iti, yumşaq, ədalətli və qərəzsiz olsun!