ATƏT Parlament Assambleyasının yay sessiyası

Gürcüstan, Tiflis

ATƏT Parlament Assambleyasının yay sessiyası həmişə gərgin olur. Bu dəfə də Tiflisdə keçirilən və 5 gün çəkən sessiyada çox mühüm məsələlərin müzakirəsi göznənilirdi. PA-nın Prezidentinin, 4 Vitse-Prezidentin, bəzi komitə sədrlərinin və onların müavinlərinin seçkiləri isə sessiyanın işini daha da gərginləşdirmişdi.

Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin bu dəfəki sessiyada əsasən 3 hədəfi var idi:

1) Hər 3 komitənin qətnamə layihəsinə Azərbaycanın etdiyi düzəliş və əlavələri müdafiə etmək və onların qəbul olunmasına çalışmaq
2) Bütün komitələrdə Azərbaycanın mənafeyinə cavab verməyən digər ölkə və ya ölkələr tərəfindən təklif olunan əlavə və düzəlişlərin qəbul olunmamasına çalışmaq
3) Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyevin ATƏT PA-nın Vitse-Prezidenti vəzifəsinə namizədliyini dəstəkləmək və bunun üçün müvafiq iş aparmaq

Hər 3 komitənin qətnamə layihəsi üçün Azərbaycanın təklif etdiyi 8 düzəlişdən yalnız 1-dən başqa (bu da alternativ variant idi) hamısı digər ölkə nümayəndələrinin səs çoxluğu ilə qəbul olundu. Düzəlişlərin əksəriyyəti prinsipal əhəmiyyət kəsb edirdi və Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində, ATƏT regionunda əməkdaşlıq barəsində haqlı mövqeyinin möhkəmlənməsinə hesablanmış idi.

Azərbaycanın mənafelərinə cavab verməyən, demək olar hamısı Ermənistan nümayəndə heyəti tərəfindən təqdim edilən 11 düzəlişin hamısı rədd edildi. Ermənistan mətbuatı bu məğlubiyyəti artıq özləri etiraf etdilər. ( http://news.am/rus/news/335645.html )

Yüksək səs toplayan nümayəndə heyətinin üzvü Azay Quliyev 3 il müddətinə ATƏT PA-nın vitse-Prezidenti seçildi.

Yəni, bütün hədəflər vuruldu. Əksər ölkələr tərəfindən Azərbaycanın mövqeyinin, onun təkliflərinin və nümayəndəsinin dəstəklənməsi Azərbaycan Prezidentinin xarici siyasətin böyük qələbəsidir! Bu Azərbaycan dövlətinin böyük uğurudur!

Artıq əksər dövlətlər Azərbaycanın bütün məsələlər (təhlükəsizlik, iqtisadi əmədaşlıq, sosial ədalət) üzrə mövqeyini qəbul edirlər, bu mövqenin tək Azərbaycan üçün deyil, bütün ATƏT regionu üçün inkişafa də ölkələr arasında etimad yaratmağa xidmət etdiyini qəbul edirlər.

Azərbaycan nümayəndə heyətinin , onun rəhbərinin gərgin əməyi və komanda prinsipi öz bəhrəsini verdi. Ölkəmiz üçün xeyirli olsun!