Sumqayıtın millət vəkilləri cəbhə bölgəsində əsgərlərlə bir arada

Ağdam
26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ərəfəsində “Azərikimya” İstehsalat Birliyinin əməkdaşları sərhədyanı bölgələrimizdə xidmət edən əsgərlərə baş çəkmək, onlarla söhbətləşmək və bayram sovqatları təqdim etməklə onların yüksək əhval-ruhiyyəsinə, sarsılmaz döyüş əzminə daha bir xoş əhval-ruhiyyə əlavə etmək məqsədilə Ağdam rayonundakı N saylı hərbi hissəyə səfər ediblər.

Milli Məclisin deputatları Muxtar Babayev, Tahir Mirkişili, Mirzəcan Xəlilov və ictimaiyyət nümayəndələri öncə əsgərlərin kazarmalarına baş çəkərək, onların məişət şəraitləri ilə tanış olublar. Məişət binalarındakı təmizlik, səliqə-səhman, əsgərlərimiz üçün yaradılmış yüksək şərait dövlətimizin ordumuza göstərdiyi diqqət və qayğının yüksək səviyyədə olmasından xəbər verirdi.

Tədbirin rəsmi hissəsində çıxış edən natiqlər Silahlı Qüvvələr günü münasibətilə zabit, gizir və əsgərləri təbrik edərək, onlara xalqımıza tezliklə qələbə sevinci bəxş etmələrini diləyiblər. Qeyd olunub ki, son dövrlər cəbhə bölgəsində baş verən hadisələr, Ermənistan ordusunun təxribat xarakterli hücumları zamanı düşmənə göstərilən müqavimət, verilən qəti və kəskin cavablar Azərbaycanın güclü və qüdrətli orduya malik olmasını sözdə deyil, əməldə sübut edib. Düşmən tərəfin bu namərdliyinə verilən layiqli cavab Azərbaycan Ordusunun yüksək əhval-ruhiyyədə və qələbə əzmində, həmçinin xalqla hakimiyyətin, xalqla ordunun bir yerdə olduğunu, eyni amal uğrunda əl-ələ verərək sıx birləşdiyini, ən əsası isə milli ruhun oyaq olmasının bariz nümunəsini ortaya qoymuş oldu. Bu da bir daha onu göstərir ki, Azərbaycan öz torpaqlarını istənilən vaxt hərbi yolla işğalçılardan azad etmək üçün həm hərbi potensiala, həm də güclü iradəyə sahibdir.

Tədbirin bədii hissəsində əsgərlərə “Kimyaçı” Mədəniyyət sarayının solistlərinin, incəsənət ustalarının, bədii qiraətçilərin ifasında bir-birindən maraqlı, vətənpərvərlik ruhlu mahnılar və şeirlər təqdim olunub, şən və oynaq musiqi sədaları altında nümayəndə heyətinin bütün üzvləri əsgərlərimizlə birgə rəqs ediblər. Tədbirdə həmçinin kimyaçıların ailə üzvlərinin əsgərlərə ünvanladığı çoxsaylı məktublardan sətirlər səsləndirilib. Kimyaçıların gətirdikləri bayram sovqatları hərbi hissəyə təqdim olunub.

N saylı hərbi hissənin komandanlığı göstərilən diqqət və qayğıya və bayram günündə onlarla birlikdə olduqlarına görə SOCAR rəhbərliyinə, o cümlədən kimyaçılara və Sumqayıt ictimaiyyətinin nümayəndələrinə şəxsi heyət adından minnətdarlığını bildirib.

Sonda əsgər yeməkxanasında əsgərlərlə birlikdə nahar edilib.


Mənbə: http://sumqayitxeber.com