Sumqayıtın millət vəkilləri seçicilərin görüşünə gəliblər

Sumqayıt
Xalqımızın ən qədim və milli bayramı olan Novruz bayramı günlərində Sumqayıt şəhərindən Milli Məclisin deputatları seçilmiş Muxtar Babayev, Tahir Mirkişili və Mirzəcan Xəlilovla seçicilərin görüşü keçirilib.

Millət vəkilləri əvvəlcə 11-ci mikrorayonda sakinlərlə birgə ağacəkmə kampaniyasında iştirak edərək 100-dən artıq müxtəlif növ ağac əkiblər. Sonra mikrorayonun yetirməsi, 1993-cü ildə torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşaraq, qəhrəmancasına şəhid olmuş Nəsimi Əbulfəz oğlu Süleymanovun yaşadığı binanın üzərinə vurulmuş lövhəni ziyarət edərək qərənfil dəstələri düzüb, şəhidin ailə üzvləri ilə görüşüblər. Daha sonra isə bayram süfrəsi arxasında səmimi söhbət aparılıb, sakinlərin bayramları təbrik olunub, arzu və istəkləri dinlənilib.

Deputatlar 6-cı mikrorayon sakinləri ilə də görüşərək onların problemləri ilə maraqlanıb, qaldırdıqları məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Günün növbəti görüşü isə 17-ci mikrorayon sakinləri ilə keçirilib. Burada həmçinin deputat Mirzəcan Xəlilovun xətti ilə 100 nəfərə yaxın şəhid ailəsinə və aztəminatlı ailələrə bayram sovqatı təqdim olunub.

Mənbə: http://yenisumqayit.az