Sumqayıtda baş katiblə görüş keçirildi

Sumqayıt
Sumqayıtdan Milli Məclisin deputatı seçilmiş Muxtar Babayev və Tahir Mirkişilinin təşəbbüsü ilə «Azərikimya» İB-nin akt zalında Sumqayıtda futbolla məşğul olan komandaların üzvlərinin, idman məktəblərinin nümayəndələrinin, həmçinin futbol məşqçiləri və klub rəhbərləri ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədovla görüş keçirilib.

Futbol ictimaiyyəti ilə birgə KİV nümayəndələrinin, Şimal Regional Futbol Federasiyasının, "Sumqayıt” peşəkar futbol klubunun və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyinin də iştirak etdiyi tədbiri giriş sözü ilə «Azərikimya» İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev açıb, iştirakçılara tədbirin məqsəd və qayəsi haqqında məlumat verib.

AFFA-nın baş katibi Elxan Məmmədov son illərdə Azərbaycan futbolunun inkişafı ilə bağlı görülən işlərdən, həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışıb, bölgələrdə, o cümlədən Sumqayıtda futbolun inkişafına yeni həyat vermək, kütləviliyini artırmaq məqsədi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən xüsusi proqram hazırlanaraq həyata keçirildiyini vurğulayıb. Maraqlı diskussiya şəraitində keçən görüşdə Elxan Məmmədov idmançıların və KİV nümayəndələrinin şəhərinin futbol infrastrukturlarının mövcud vəziyyəti, illərdən bəri fəaliyyətsiz qalan idman zallarının təmir edilərək futbolçuların ixtiyarına verilməsi, Təhsil, həmçinin Gənclər və İdman Nazirliklərinin nəzdində, ŞRFF-nin və şəhərin futbol klublarında fəaliyyət göstərən mütəxəssislər üçün C və B kateqoriyaları üzrə məşqçi kurslarının Sumqayıt şəhərində keçirilməsi, "Sumqayıt” FK-nın bazasında Şimal regionu üzrə səyyar tədris mərkəzinin yaradılması, ixtisaslaşmış internat tipli məktəblərin nəzdində futbol siniflərinin açılması, özəl klublar, UGİM-lər və dövlət tərəfindən maliyyələşən idman məktəblərinin yeni avadanlıqlarla təminatı, məhəllə futboluna dəstək və s. məsələlərlə bağlı sualları cavablandırıb.

Sonda şəhərin futbol ictimaiyyyətinin nümayəndələri maraqlı və Sumqayıt üçün mühüm əhəmiyyət kəsb edən görüş üçün tədbirin təşəbbüskarlarına dərin minnətdarlıqlarını ifadə ediblər. 

Mənbə: http://xeberler.com