Müsahibə: "Azərbaycan iqtisadiyyatı qarşısında müasir çağırışlar var"

http://sia.az/

“Hazırda Azərbaycan iqtisadiyyatı qarşısında bir çox müasir çağırışlar var. Cənab Prezidentin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə bu çağırışlar, onların yaranma səbəbləri və yeni iqtisadi inkişaf istiqamətləri dəqiq göstərildi. Dövlət başçısının təşəbbüsü ilə Milli Məclisə məhz bu məqsədlərlə iqtisadi qanun layihələri daxil olub və qəbul olunub”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Deputat bildirib ki, Parlamentdə qəbul olunan qanun layihələri dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, ölkəmizin davamlı inkişafını təmin edəcək: “Milli Məclisin növbədənkənar iclasında qəbul olunan qanun layihələrinə əsasən, əhalinin banklara qoyduğu əmanətlər 3 il ərzində limitsiz olaraq tam slğortalanacaq. Yəni, əmanətlər tam olaraq banklarda nə baş verməsindən asılı olmayaraq, dövlət tərəfindən qorunacaq. Fiziki şəxslərin banklara qoyduqları əmanətdən əldə etdikləri gəlirlər vergidən tam azad ediləcək. Fiziki və hüquqi şəxslər tərəfindən 50 000 dollardan artıq valyuta ölkədən kənara köçürülsə (bura təhsil, səhiyyə, cərimələr, kartla alış-veriş daxil deyil), bundan artıq məbləğin 20% -i dövlət büdcəsinə ödəniləcək. Yerli məhsul, iş və xidmət istehsalçıları dövlət satınalmaları tenderlərində eyni keyfiyyət və şərtlərlə xarici analoqlara qarşı qiymətdə 20% güzəştə malik olacaq. Yəni, yerli istehsalçıların qiymətləri 20% baha olduqda belə onlara üstünlük veriləcək. İnvestisiya fəaliyyəti həyata keçirən sahibkarlar 7 il müddətinə əmlak və torpaq vergisindən tam, mənfəət vergisindən 50% azad olunacaq, idxal etdikləri texnika və texnologiyalar isə 50% gömrük rüsumundan azad ediləcək”.

Millət vəkili vurğulayıb ki, qəbul edilən qanun layihələri iqtisadiyyatda çox mütərəqqi addımlardır: “Qanun layihələrinin bir çoxunun kifayət qədər sosial çəkisi var. Məsələn, ölkədə 6.6 milyon əmanətçi bu əmanətlərdən hər il orta hesabla 500 milyon manat gəlir əldə edir, büdcəyə isə 50 milyon manat vergi ödənilirdi. Qanun layihəsinin qəbulundan sonra sözügedən məbləğ əhaliyə verilmiş oldu. Ümumiyyətlə, qəbul olunmuş və hazırda müzakirə edilməkdə olan iqtisadi və struktur layihələri kifayət qədər müasir və cəsarətlidir. Əminəm ki, iqtisadi fəaliyyətin artmasında, xarici investisiyaların cəlb olunmasında bu qanun layihələrinin çox müsbət rolu olacaq”.

Mənbə: http://sia.az/