Yeni Azərbaycan Partiyası tərəfindən partiyanın yaranmasının 25 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Bakı

Bu gün Türkan qəsəbəsində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə əlaqədar əsası qoyulan ağacəkmə aksiyası çərçivəsində növbəti dəfə tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə YAP üzvləri, millət vəkilləri, ictimai xadimlər iştirak ediblər.

Aksiyada iştirak edən baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini, icra katibi Əli Əhmədov tədbirlə bağlı fikirlərini jurnalistlərlə bölüşüb: "Bu aksiya Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə əlaqədar olaraq əsası qoyulan bir tədbirdir. Biz Yeni Azərbaycan Partiyası üzvlərinin sayı qədər, 700 min ağac əkmək haqqında bir təşəbbüs irəli sürmüşük. Bu təşəbbüs noyabr ayında irəli sürülüb. Bu günə qədər Yeni Azərbaycan Partiyasının üzvləri tərəfindən Azərbaycanın bütün regionlarında, bütün rayonlarında, kənd və qəsəbələrdə 700 mindən çox ağac əkilib. Məmnunluq hissi ilə bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının üzvləri bu təşəbbüsə fəallıqla qoşuldular. Böyük həvəslə hər bir bölgəmizdə kampaniya keçirildi.

Bu aksiyanın mənası ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası ekologiyamızın təmizliyinə, Azərbaycanda yaşıllaşdırma kampaniyasına öz töhfəsini vermək istəyir. Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Liderimizin həmişə yaşıllaşdırmaya, ağaclar əkilməsinə, ağaclara qulluq edilməsinə nə qədər böyük önəm verdiyini bilirsiniz. Prezident İlham Əliyev də Azərbaycanda yaşıllaşdırma kampaniyasına böyük önəm verir, mayın 10-da burada ağacəkmə mərasimində iştirak edib. Biz bu strategiyadan kənarda qalmaq istəmirik. Azərbaycanın ən möhtərəm siyasi partiyası bütün sahələrdə örnək olduğu kimi, hesab edirəm ki, ekoloji tarazlığın təmin edilməsi sahəsində də öz rolunu göstərməlidir. Digər bir tərəfdən, Yeni Azərbaycan Partiyası bu kampaniyalarla nə qədər mütəşəkkil və böyük bir güc olduğunu nümayiş etdirir. Bu gün Yeni Azərbaycan Partiyasının nə qədər üzvləri böyük fəallıqla, böyük sevinc hissi ilə, ruh yüksəkliyi ilə bu kampaniyanın həyata keçirilməsi üçün bura gəliblər, ağac əkiblər".


Ə.Əhmədov bu tədbirin eyni zamanda bir ünsiyyət forması olduğunu vurğulayıb: "Düşünürəm ki, bu kampaniyanın bir çox üstünlükləri və faydaları var. Birinci fayda ondan ibarətdir ki, ağac əkilir, ağac isə sağlamlıq deməkdir, yaşıllıq deməkdir. Bir neçə il keçəcək, bura gözəl bir bağ olacaq, bar verəcək. Bunlar badam ağaclarıdır, həm də yaşıllıq yaranacaq, Azərbaycanın, Bakının ekologiyası daha da yaxşılaşacaq. İkinci bir tərəfdən, partiya öz mütəşəkkilliyini nümayiş etdirir. Üçüncü bir tərəfdən isə bu, bir ünsiyyət formasıdır. Mən məmnunluq hissi ilə qeyd etmək istyəyirəm ki, bütün sahələrdə partiya öz mütəşəkkilliyini gücləndirmək üçün müxtəlif formalardan istifadə edir, hesab edirik ki, bu da həmin formalardan biridir".