2018-ci ilin əsas strateji hədəfləri nələrdir? – Millət vəkillərindən açıqlama

Bakı

2018-ci ilin I rübünü geridə qoymuşuq və nəticələrə baxdıqda 2018-ci ilin uğurlu və sürətli inkişaf ili olacağına şübhə yaratmır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz, qeyri-neft sektorumuz isə təxminən 3 faiz artıb. Birinci rübdə sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz artıb. Qeyri-neft sənayemiz 10 faiz, kənd təsərrüfatı 4,2 faiz, bitkiçiliyin artımı 50 faizdən çox artıb.

Ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artıb və hazırda 44,2 milyard dollara bərabərdir. Xarici ticarət dövriyyəmiz 31 faiz artıb, ixrac isə 37 faiz artıb. Ümumi ixrac 24 faiz, qeyri-neft ixracı 37 faiz artıb.

Maraqlıdır, bəs, ümumilikdə 2018-ci ilin əsas strateji hədəfləri nələrdir?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Tahir Mirkişilinin sözlərinə görə, 2018-ci ilin I rübünün iqtisadi göstəriciləri bir daha onu göstərdi ki, Azərbaycan iqtisadiyyatı artıq sürətli iqtisadi inkişaf dövrünə qədəm qoyub: “Ölkənin ümumi daxili məhsulunun 2,3 faiz, qeyri-neft sənayesinin 10% artması, ixracın idxalı 1,2 milyard dollar ətrafında üstələməsi onu deməyə əsas verir ki, Azərbaycanda həm istehsal, ixrac artır, həm də ölkəyə valyuta daxilolmaları artmaqdadır. Bütün bunlara görə, artıq I rübə görə Beynəlxalq Valyuta Fondu Azərbaycanda 2018-ci il üçün iqtisadi artım proqnozunu 1,3%-dən 2%-ə qaldırıb. Bu onu deməyə əsas verir ki, artım sürəti 2018-ci ildə bütöv ili əhatə edəcək və iqtisadiyyat daha da böyüyəcək.

Strateji hədəflərə gəldikdə isə prezident İlham Əliyevin bildirdiyi kimi, əsas hədəflərə iqtisadi islahatları daha da genişləndirmək, şaxələndirmək, qeyri-neft sektorunu daha da inkişaf etdirməkdir. Çünki qeyri-neft sektorunun payı iqtisadiyyatda 65%-ə yaxınlaşmaqdadır. Neft sektoru ilə bağlı ixrac kəmərlərini tamamlamaq nəzərdə tutulub. Çünki bildiyiniz kimi, bu il Cənub-Qaz Dəhlizi layihəsində ilkin mərhələdə Azərbaycan qazının Türkiyəyə çatdırılması layihəsi başa çatır, 2020-ci ildə Azərbaycan qazı artıq Avropaya çatdırılacaq. Yəni, bu layihə də başa çatmaq üzrədir. Növbəti istiqamətlərdən biri, beynəlxalq nəqliyyat dəhlizləri layihələrinin daha da işlək vəziyyətə çatdırılması üçün müxtəlif tədbirlər həyata keçirməkdir. Burada həm Şimal-Cənub layihəsinin həyata keçirilməsilə bağlı məsələlər yer alır, həm də Qərb-Şərq layihəsi üzrə Ələtdə Azad İqtidasi Zonanın yaradılması ilə bağlı investisiyaların cəlb olunması məsələsi.

Digər mühüm strateji hədəflərdən biri Azərbaycanda xarici investisiyanın cəlb olunması üçün əlverişli mühüm şəraitin yaradılmasıdır. Çünki artıq birinci rübdə Azərbaycan iqtisadiyyatı 3,5 milyard dollar xarici investisiya cəlb edib. BU, ölkəmizin iqtisadi əlverişliliyinin, iqtisadi cəlbediciliyinin daha da yüksək səviyyədə olmasının göstəricisidir. Bu istiqamətdə də işlər davam etdiriləcək. Digər hədəfimiz, Azərbaycan iqtisadiyyatı ixraca yönəldikcə, sahibkarlarımızın rəqabət qabiliyyətinin daha da artırılması üçün istehsalatda və xidmət sahələrində innovasiyalar və müasir texnologiyaların tətbiqidir ki, bunu da ölkə prezidenti çıxışında xüsusi qeyd edib. Çünki bu gün müasir texnologiyalar və innovasiyalar olmadan xarici rəqabətə tab gətirmək qeyri-mümkündür.

Mühüm hədəflərdən biri qeyri-ənənəvi bazarların Azərbaycan iqtisadiyyatı üçün açılmasıdır. Burada həm Asiya bazarlarından söhbət gedir, Azərbaycan artıq Çinə ixraca başlayıb, həm də Körfəz ölkələri bazarlarında Azərbaycanın payının daha da artırılmasıdır. Ümumilikdə ixracda coğrafiyanın şaxələndirilməsi, iqtisadiyyatın qarşısında duran əsas hədəflərdən biridir. Təbii ki, daha əvvəllər aparılmış iqtisadi islahatların daha da sürətləndirilməsi, kənd təsərrüfatı sahəsində təşviq mexanizminin daha da təkmilləşdirilməsi, emal sənayesinin inkişafı ilə bağlı müxtəlif proqramların həyata keçirilməsi, yeni iş yerlərinin açılması, əhalinin sosial rifahının yaxşılaşdırılması və təbii ki, pensiya və maaşların gələcəkdə daha da artırılması ilə bağlı konkret hədəflər mövcuddur”.

Millət vəkili Azər Badamov Metbuat.az-a açıqlamasında qeyd edib ki, 2018-ci ilin birinci rübü ölkəmiz üçün uğurlu dövr olub: “Bütün göstəricilər üzrə ancaq artımlar müşahidə olunub. Hədəflər də 2018-ci ilin I rübündən başlayaraq müəyyənləşib və müəyyən hissəsi həmin dövrdə icra olunub. Əsas hədəflərimiz 2017-ci ildə həyata keçirməyə başladığımız iqtisadi islahatların davam etdirilməsi və həyata keçirilməsidir. 2017-ci ilin yanvarın 1-də qəbul olunan milli iqtisadiyyat və iqtisadiyyatın əsas 11 aparıcı sektoru üzrə Strateji Yol Xəritələri həyata keçirilməyə başlayıb. Bu Strateji Yol Xəritələrində 2017-ci ilin hədəfləri icra olunub. 2018-ci illə bağlı Strateji Yol Xəritəsində göstərilən yeni hədəflər var ki, onlar icra olunacaq.

Ölkəmizin 11 aparıcı sektoru deyəndə bu, həm sənayemizi, həm kənd təsərrüfatımızı, həm də sosial sahəni əhatə edir. Düşünürəm ki, bu il ölkəmizin sənayeləşmə prosesini sürətləndirəcəyik, yeni sənaye obyektləri açılacaq. Hər bir açılan sənaye müəssisəsi, sənaye obyekti yeni iş yerləridir, yeni istehsal sahələridir, yeni məhsullardır. Kənd təsərrüfatının ənənəvi sahələrinin inkişaf etdirilməsilə bağlı 2017-ci ildə proqramlar imzalanıb. 2018-ci ildə isə bu proqramların icrası sürətlənəcək. Bunun nəticəsində məhsulun həcmi daha da çoxalacaq, bu da iqtisadiyyatımıza müəyyən töhfələr verəcək. 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu işləməyə başlayıb və bu yoldan ölkəmizin büdcəsinə gəlirlər gələcək. Şimal-Cənub dəhlizinin ikinci istiqamətində işlər davam etdirilir, bu dəhliz artıq hazırdır.

Dəmir yolunun ölkəmizdən keçən hissəsinin yenidən qurulması işləri aparılır və bizim təşkilatçılığımızla Cənub-Şimal dəhlizinin ölkəmizin xaricdə, İran hissəsində tikintisi davam etdirilir. Sosial sahədə ilin sonuna qədər yeni layihələr, infrastrukturun müasirləşdirilməsi layihələri icra olunacaq. Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə qazlaşdırma faizi 95-ə çatdırılmalıdır, hazırda bu rəqəm 93%-dir. İçməli su və kanalizasiya xətlərinin yenidən qurulması istiqamətində layihələr icra olunacaq. Bu il Azərbaycanda 2300 km uzunluğunda avtomobil yollarının tikintisi nəzərdə tutulub və bu istiqamətdə işlər görülür. İlin sonuna qədər bu işlər uğurla yekunlaşacaq. Yəni, iqtisadiyyatımızı sürətləndirəcək hər sahə ilə bağlı müəyyən planlar, müəyyən hədəflər var. Bu hədəflərə də nail olacağıq”.

Millət vəkili Aydın Hüseynov isə Metbuat.az-a açıqlamasında deyib ki, 2016-cı ildə tətbiq olunan Strateji Yol Xəritəsinəə uyğun olaraq qeyri-neft sektorunun inkişafı ilə bağlı iqtidasiyyatın 11 sektorunu əhatə edəcək çox mükəmməl proqram hazırlanıb: “Prezident İlham Əliyevin rəhbərliyi ilə elmə, böyük təhlillərə söykənən proqram tərtib olunub. Başlıca məqsəd isə qeyri-neft sektorunun inkişaf etdirilməsi, ölkənin ixrac potensialının artırılması, rəqabət qabiliyyətli məhsulların dünya bazarına çıxarılmasıdır.

Bildiyiniz kimi, artıq bu il regionların sosial-iqtisadi inkişafının üçüncü dövlət proqramı başa çatır və yeni dövlət proqramı qəbul olunacaq. TANAP, TAP layihəsi bu il artıq başa çatacaq. Digər məsələ kənd təsərrüfatının, sənayenin inkişafıdır. Qaradağ rayonunda Ələt İqtisadi Zonasının fəaliyyətə başlayacağı nəzərdə tutulur. Ölkənin müdafiə qüdrəti ilə bağlı fikirlər səsləndirilir. Yəni, başlıca olaraq əldə olunan fəaliyyətlər yeni-yeni, daha böyük nailiyyətlərlə müşaiyət olunacaq. Başlıca olaraq ölkənin valyuta ehtiyatları artır. Təkcə bu ilin I rübü ərzində 2,2 milyard dollar valyuta ehtiyatımız artıb, getdikcə daha da artacaq. İl ərzində 16 milyard dollar investisiya qoyulacaq. Yəni, dövlət büdcəsində nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün müvafiq addımlar atılacaq.”