Azərbaycanda seçkilərə hazırlıq dinamik fazada davam edir

Bakı

Azərbaycanda prezident seçkilərinə hazırlıq qanunla müəyyən olunmuş şərtlərlə dinamik fazada davam edir. Bunu sechki-2018.az saytına açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

Budəfəki seçkilərin də azad, demokratik və şəffaf şəkildə təşkili üçün lazımi addımların atıldığını deyən Milli Məclisin deputatı qeyd edib ki, artıq 10-dan çox müxtəlif siyasi partiya nümayəndələri və fərdi şəxslərin namizədliyinin irəli sürülməsinin təsdiqlənməsi seçkinin aktiv və dinamik keçəcəyindən xəbər verir: "Əhalinin seçkiyə böyük marağı var. Ölkədə dinamik iqtisadi və siyasi islahatlar aparılır, seçkidən sonra bu islahatların daha da sürətlənməsi gözlənilir”.

Azərbaycanda keçirilən seçkilərin hər zaman beynəlxalq təşkilatların maraq dairəsində olduğunu vurğulayan deputat bildirib ki, aprelin 11-nə təyin olunan prezident seçkilərinə də diqqət böyükdür: "Beynəlxalq təşkilatların seçkini müşahidə etməsi ilə bağlı dəvətlər göndərilib. Beynəlxalq təşkilatlar hazırda müşahidə ilə bağlı öz imkanlarını təhlil edirlər. Əminəm ki, Azərbaycanda prezident seçkiləri yüksək standartlarla, azad və ədalətli keçirilməklə, xalqın iradəsini əks etdirəcək".