Deputatlar: “Avropa Parlamenti üzvlərinin “Xocalı bəyanatı” böyük zəhmətin nəticəsidir”

Bakı

Avropa Parlamentində (AP) yenicə yaradılmış “Azərbaycanın Dostları Klubu”nun üzvləri tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat qəbul edilib. 

Bəyanatın qəbul edilməsi ilə bağlı təşəbbüs Avropa Parlamentinin Latviyadan olan deputatı, AP Xarici Əlaqələr Komitəsinin üzvü və “Azərbaycanın Dostları Klubu”nun həmsədri Andrey Mamikins tərəfindən irəli sürülüb. Bu bəyanat Xocalı qətliamı ilə bağlı Avropa Parlamenti çərçivəsində qəbul edilmiş ilk sənəddir. 

Bəyanatda Azərbaycan xalqının 1992-ci il 25 fevraldan 26 fevrala keçən gecə Xocalıda törədilmiş amansız cinayətlə üzləşməsi, nəticədə 613 mülki şəxsin, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insanın həyatını itirməsi, yüzlərlə insanın ağır yaralanması və 1275 nəfərin əsir götürülməsi faktı öz əksini tapıb. Sənəddə AP üzvləri Xocalı qətliamı nəticəsində həyatını itirənlərin yaxınlarına baş sağlığı dilədiklərini, ailələrinin dərdlərinə şərik olduqlarını bildirir və Xocalı hadisəsi kimi insanlıq əleyhinə yönəlmiş cinayətlərin bir daha baş verməməsi üçün Xocalı qətliamının xatırlanmalı olduğunu vurğulayırlar.

Azərbaycan Milli Məclisin deputatları bu dəfə Modern.az-a Avropa Parlamentinin üzvləri tərəfindən ilk dəfə qəbul edilən “Xocalı bəyanatı” ilə bağlı danışıblar. 

 Milli Məclisin deputatı, Azərbaycanın Avropada Təhlükəsizlik Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasındakı nümayəndə heyəti sədrinin müavini Tahir Mirkişili bildirib ki, Avropa Parlamentinin üzvləri tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı qəbul edilmış bəyanat faciənin beynəlxalq aləmdə tanınması yolunda mühüm addımdır. 

“Milli Məclisin beynəlxalq təşkilatlarda təmsil olunan deputatları Xocalı soyqırımının tanınması istiqamətində daim və ardıcıl iş aparırlar. Hər bir bəyanat, hər bir tanınma ədalətin bərpası yönümündə mühüm irəliləyişdir. Avropa Parlamenti üzvlərinin bəyanatı bir daha göstərir ki, Xocalı həqiqətləri getdikcə daha çox insanlar,  qurumlar,  dövlətlər tərəfindən dərk olunur,  qəbul edilir”. 

Milli Məclisin deputatı, Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Kamran Bayramov isə deyib ki, ən nüfuzlu təşkilatlardan biri olan Avropa Parlamentinin üzvləri tərəfindən  bəyanatın qəbul edilməsi 26 il əvvəl Xocalıda ermənilərin törətdikləri soyqırımına beynəlxalq təşkilatlar tərəfindən lazımi qiymətin verilməsi üçün atılan ilk addımlardan biridir. 

“Bu bəyanatın qəbul edilməsi  Avropa Parlamentinin üzvləri ilə aparılan intensiv və məqsədyönlü işin nəticəsidir və Azərbaycan parlament diplomatiyasının növbəti uğurudur. Bildiyimiz kimi, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi fəaliyyət göstərir. Bəyanatı qəbul etmiş şəxslər də Avropa Parlamentində yenicə yaradılmış “Azərbaycanın Dostları Klubu”nun üzvləridir. Belə bir bəyanatın qəbul edilməsi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması istiqamətində olduqca vacibdir”.

Deputat bildirib ki, məlumatların düzgün çatdırılması, Azərbaycan həqiqətləri ilə bağlı təbliğat işlərinin aparılması nəticəsində digər beynəlxalq təşkilatlar tərəfindən də Ermənistanın işğalçılıq siyasəti ilə bağlı müxtəlif bəyanatlar qəbul edilə bilər . 

“Belə qərarların qəbul edilməsi çox vacibdir. Hesab edirəm ki, bu bəyanat sonuncu bəyanat deyil”. 

 Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov deyib ki, Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı qəbul edilən bəyanat ölkə başçısının apardığı düzgün siyasətin nəticəsidir. 

“Bu bəyanatın qəbul edilməsi böyük zəhmət tələb edir. Burada Azərbaycan Parlamentinin də rolu böyükdür. Amma bütün bunların başında ölkə başçsının apardığı düzgün siyasət dayanır. Bizim bugünkü, sabahkı qələbəmiz də prezidentin apardığı düzgün siyasətə bağlıdır. Mərhum prezident Heydər Əliyev 1994-cü ildə cavanlarımız ölməsin deyə atəşkəs müqaviləsi bağlayıb. Əgər bu müqavilə bağlanmasaydı biz torpağımızı, cavanlarımızı və hətta mənliyimizi də itirə bilərdik. İndi bütün dünya ictimaiyyəti başa düşür ki, ermənilər təcavüzkardır. Hətta terroristdirlər. Onların siyasəti terrorizmlə həyata keçirilir. Onlara rəhbərliyi Serj Sarkisyan kimi terrorist edir. Çünki onun Qarabağda əli qana batıb. Biz ermənilərlə vuruşmuruq, onlardan torpaq istəmirik. Ermənilərin havadarlarına deyirik ki, insafa gəlin. Əgər biz torpaqlarımızı sülh yolu ilə olmasa, ordumuzun gücünə arxalanaraq geri alacağıq. Bütün şəhidlərimizin qisasını ermənilərdən alacağıq. Gün olacaq ki, biz İrəvanı, öncədən işğal edilən torpaqlarımızı da azad edəciyik. Onlar torpaqlarımızı xoşluqla versinlər, qonşuluqda mehribancasına yaşasınlar. Onlar bizim ölkəmizdən zərər çəkməzlər”.