ATƏT Parlament Assambleyasının sessiyasında “Saxta xəbərlər əsrində demokratiyanın müdafiəsi” mövzusunda debat keçirilib

Vyana

Fevralın 22-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyası çərçivəsində qurumun demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə əsas komitəsinin “Saxta xəbərlər (“fake news”) əsrində demokratiyanın müdafiəsi” mövzusunda xüsusi debat keçirilib.

Debatda internet mediası və sosial şəbəkələrin informasiya mübadiləsində oynadığı roldan bəhs edilib, saxta xəbərlərin müasir dövrdə qlobal fenomenə çevrilməsi qeyd olunub. Bildirilib ki, yoxlanılmamış və saxta xəbərlərin asanlıqla tirajlana bilməsi ciddi problemlər yaradır.

Diqqətə çatdırılıb ki, ATƏT məkanında mətbuat azadlığı və plüralizm tam təmin olunmalıdır. Lakin bu, faktlara söykənməyən və yalan məlumatları yaymağa xidmət edən xəbərlərə leqallıq hüququ verməməlidir. Düşünülmüş şəkildə yayılan saxta xəbərlərə qarşı tədbirlər görülməli, sosial şəbəkələrdə tüğyan edən saxta profillər, trol və alqoritmlərə qarşı tənzimləyici hüquqi addımlar atılmalıdır. Müəyyən məqsədlər güdən və bəzən rəsmi qurumların, hətta dövlətlərin də iştirakı ilə saxta xəbərlər dövriyyəyə buraxılır, qarayaxma kampaniyaları təşkil olunur. Bu cür kampaniyalar ayrı-ayrı şəxslərlə yanaşı, müəyyən sosial, dini və milli qruplara, müxtəlif şirkətlərə və hətta bütöv dövlətlərə qarşı təşkil oluna bilir. Sosial şəbəkələr və internet mediaları xəbərlərin sürətlə yayılmasını təmin etdiyi kimi, yanlış və saxta xəbərlərin media məkanından kənarlaşdırılması da çox vaxt ciddi problemə çevrilir.

Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Tahir Mirkişili debatda çıxış edərək bildirib ki, etibarlı məlumat mənbələrinin azalması və yalan xəbərlər XXI əsrdə üzləşdiyimiz əsas problemlərdən biridir. Dezinformasiyanın əsrlər boyu mövcud olduğunu qeyd edən deputat, müasir dövrdə informasiyanın alınma yollarının yalan xəbərlərin yayılmasında dəyişikliyə səbəb olduğunu diqqətə çatdırıb. Belə ki, müasir dövrdə internetin mövcudluğu, məlumatların asanlıqla istehlak edilə bilməsi bəzi jurnalistlərin, qeyri-peşəkarların və bəzən isə dövlətlərin saxta informasiyaları kütləvi şəkildə yaymalarına şərait yaradır. Əslində saxta xəbərlərin özlüyündə problem olmadığını qeyd edən deputat rəqəmsal kapitalizmin bu məlumatların sürətli və asan şəkildə yayılmasını son dərəcədə gəlirli biznesə çevrilməsinin əsl problem olduğunu bildirib. O, bu problemin əsas həll yolunun rəqəmsal kapitalizmin əsaslarını yenidən nəzərdən keçirmək olduğunu bildirib.

Mənbə: https://azertag.az/xeber/ATAT_Parlament_Assambleyasinin_sessiyasinda_Saxta_xeberler_esrinde_demokratiyanin_mudafiesi_movzusunda_debat_kechirilib-1139335