ATƏT PA-nın qış sessiyasının gündəliyi açıqlanıb

Bakı

Milli Məclisin deputatları Azay Quliyev, Kamran Nəbizadə, Tahir Mirkişili, Elşad Həsənov və Ülviyyə Ağayeva ATƏT Parlament Assambleyasının Avstriyada keçiriləcək qış sessiyasında iştirak etmək üçün fevralın 21-dən 24-dək bu ölkədə səfərdə olacaqlar.

AZƏRTAC xəbər verir ki, Vyanada keçiriləcək sessiya çərçivəsində əvvəlcə deputatlarımız qurum rəhbərliyinin iştirakı ilə Daimi Komitənin iclasına qatılacaq, sonra isə təşkilatın demokratiya, insan hüquqları və humanitar məsələlər, iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, siyasi məsələlər və təhlükəsizlik komitələrinin iclaslarında iştirak edəcəklər. Toplantıda iqlim dəyişikliyi və onun qlobal fəsadlarının uzunmüddətli mübarizə strategiyasının hazırlanması, ATƏT məkanında silahlara nəzarətlə bağlı yaranan problemlər və silah yayılmasının qarşısının alınması, yanlış informasiyaların demokratiyaya təsirləri mövzusunda müzakirələr aparılacaq.

Deputatlarımız səfər çərçivəsində ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 2-ci iclasına da qatılacaqlar. Burada qurumun əsasnaməsinə əlavə və dəyişiklər ediləcək, Yunanıstan və Moldovanın təşkilat üzvlüyünə qəbuluna, İpək Yolunun bərpası təşəbbüsünü dəstəkləyən qətnamə layihəsinə, bu il martın 13-14-də Milli Məclislə qurumun birgə təşkilatçılığı ilə keçiriləcək “ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Beynəlxalq Bakı Konfransı”na dair məsələlər müzakirə olunacaq.