İqtisadi inkişaf və insan amili

Bakı

Ötən 14 ildə uğurla aparılan sosial-iqtisadi islahatların Dövlət proqramlarının, fərman və sərəncamların icrasının nəticəsi olaraq respublikamız dünyanın sürətli inkişaf yolunda olan dövlətlərindən biri kimi tanınır. Dünyada baş verən iqtisadi böhran nəticəsində bir çox inkişaf etmiş ölkələr bir sıra sosial proqramları təxirə salsalar da, ölkəmizdə bütün sosial proqramlar uğurla icra etdirilir. “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda ölkə başçısı bir daha qeyd etdi ki,  yürüdülən siyasət xalqın maraqlarına xidmət edir və dövlətimizi daha da gücləndirir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili “İki sahil" qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlət qurumlarının qarşısında bir sıra mühüm vəzifələr qoyub. Əmək bazarında tələb və təklifin uyğunlaşdırılması,  xüsusən sosial cəhətdən həssas qruplara aid vətəndaşların əmək bazarına çıxış imkanlarının artırılması üçün daha səmərəli proqramların işlənərək həyata keçirilməsi diqqət mərkəzində saxlanılacaq.

Tahir Mirkişili 2014-2018-ci illərin regionların inkişafı baxımından hansı göstəricilərlə yadda qalmasına diqqət çəkərək bildirdi ki, son iki ildə ilk dəfə olaraq tədiyyə balansının cari əməliyyatlar hesabında 1.1 milyard dollar profisit yaranmışdır. 2015-ci ildə defisit 222.5 milyon dollar, 2016-cı ildə isə 1.363 milyard dollar təşkil etmişdir. 2017-ci ilin 9 ayı ərzində qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansında defisit 200 milyon dollar və ya 5% azalmışdır.

Ötən dövr ərzində ölkədə qeyri-neft sektoru 2.4%, qeyri-neft sənayesi 3.5%, kənd təsərrüfatı məhsulları istehsalı isə 4% artmışdır. Sənayeləşmə proqramı çərçivəsində Neftçala Sənaye Məhəlləsi yaradılmış və yeni sənaye məhəllələrinin yaradılması istiqamətində işlərə start verilmişdir. Turizmin inkişafı yönümündə atılan  addımlar öz müsbət nəticəsini vermişdir. Ölkəmizə gələn turistlərin sayı 25% artaraq, 2.5 milyon nəfərə çatmışdır.

Bu illərdə inşaat sektorunda da irəliləyişlər özünü büruzə vermişdir. Köhnə mənzillərin sökülərək yerində yeni binaların tikilməsi yönümündə sahibkarlara verilən dövlət dəstəyi nəticəsində Bakıda hazırda 100-ə yaxın yeni bina tikilməkdədir. Bu layihələr həm inşaat sektorunu canlandırmış, həm də yeni iş yerlərinin açılmasını təmin etmişdir.

T. Mirkişili sosial sahədə həyata keçirilən mühüm layihələrə toxunaraq bildirdi ki, 2017-ci ildə qaçqın və məcburi köçkünlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün 1026 mənzildən ibarət 11 yaşayış bınasının inşasına başlanılmışdır. 2017-ci ildə Cocuq Mərcanlı kəndində infrastruktur tamamilə bərpa edilmiş, 50 yaşayış evi, məktəb istifadəyə verilmişdir.

Dövlətimizin başçısı hər zaman vurğulayır: "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik". Bu mənada “təhsil əsri" elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktuallıq kəsb etməmişdir. Təhsil tariximizdə ilk dəfə 16 inkişafyönümlü Dövlət Proqramı təsdiq olunmuş və uğurla həyata keçirilməkdədir. İlk dəfə olaraq 2017-ci ildə Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz bir qızıl, bir gümüş, bir bürünc medal qazanmışlar. 2017-ci ildə Azərbaycanın şahmat üzrə kişilərdən ibarət milli komandası Avropa çempionu olmuşdur.

Ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin səmərəliliyinin artırılması məqsədi ilə  Qida Təhlükəsizliyi Agentliyi və 2018-ci ilin yanvar ayından isə İşsizlikdə Sığorta Fondu yaradılmışdır. Fondun əsas fəaliyyəti qanunda müəyyən olunmuş səbəbdən işini itirmiş vətəndaşlara müəyyən müddət ərzində sığorta-maaşın verilməsi və paralel olaraq özünüməşğulluq çərçivəsində yeni ailə təsərrüfatlarının yaradılmasıdır.

Hazırda həyata keçirilən iqtisadi islahatların perspektiv üçün nələr vəd etməsinə toxunan Milli Məclisin deputatı bildirdi ki, 2018-ci ilin dövlət büdcəsinin həcminin 3.3 milyard manat artırılması və ən böyük artımın iqtisadi aktivliyinin artımına yönəldilməsi bu inkişaf üçün əlavə stimul yaratmışdır. Bu  isə vətəndaşların yaşayış səviyyəsinin daha da  artması deməkdir. Keçən dövr ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfə, dövlət büdcəsinin həcmi isə 6 dəfə artmışdır. Dünyada audit və nəzarət sahəsində yeni texnologiyaların və yanaşmaların tətbiq olunması bir tərəfdən effektivliyi artırır, digər tərəfdən isə əhatəliliyi artırmaqla inzibati resurslara qənaət etməyə imkan verir. Bu baxımdan, yeni qanun layihəsi yenilikləri əhatə etmə və təcrübədə yaranan çətinlikləri dəf etmə cəhətdən xeyli mütərəqqidir.

Göründüyü kimi, dövlətin həyata keçirdiyi iqtisadi inkişaf tədbirləri sistemli hal alır. Bütün bunlar həm də təsdiq edir ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində iqtisadi inkişaf və insan amili durur.

Şəmsiyyə Əliqızı, 
Şəfiqə Dadaşova, “İki sahil"