Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi Tvinninq layihəsinin rəsmi açılışı olub

Bakı

Noyabrın 20-də Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən "Azərbaycan Respublikası Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi" Tvinninq layihəsinin rəsmi açılışı olub.

AZƏRTAC xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ümumi dəyəri 1,400.000 avro olan layihənin 2019-cu ilin dekabrınadək davam edəcəyini deyib. Qeyd edib ki, bu il oktyabrın 1-də start verilən layihə Polşanın Ali Audit İdarəsi tərəfindən həyata keçiriləcək. Layihənin məqsədi Hesablama Palatasının öz mandatını həyata keçirmək üçün mövcud imkanlarını yaxşılaşdırmaq və Azərbaycanda dövlət maliyyə idarəçiliyi sahəsində hesabatlılığın, şəffaflığın nəzarətin və hesabatların təkmilləşdirilməsinə töhfə verməkdir. Layihə beynəlxalq səviyyədə və Aİ tərəfindən qəbul edilmiş qabaqcıl təcrübələr əsasında Beynəlxalq Audit Qurumları Təşkilatı (INTOSAI) tərəfindən müəyyən edilmiş kənar audit standartlarına uyğun olaraq Hesablama Palatasının institusional və inzibati potensialını gücləndirmək məqsədilə 4 icbari nəticəyə nail olmağı nəzərdə tutur.

"Bu layihə Hesablama Palatası üçün önəmli bir hadisədir. Bu layihənin qurumumuzun gələcək inkişafı və perspektivləri baxımından önəmini anlayaraq onun reallaşması üçün əlimizdən gələn bütün səyləri göstərmişik. Biz çox şadıq ki, bu layihədə bizim tərəfdaşımız məhz Polşa Milli Audit İdarəsidir. Polşa Ali Audit İdarəsi ilə üzv olduğumuz beynəlxalq və regional təşkilatlar çərçivəsində bundan əvvəl də məhsuldar əməkdaşlıq təcrübəsi mövcud olub. İnanırıq ki, 27 ay davam edəcək bu layihədə artıq öz münasibətlərimizi daha yeni müstəvidə qura biləcəyik və bu, bizim əlaqələrimizi daha da gücləndirərək peşəkar dostluq səviyyəsinə qaldıracaq", - deyə palata sədri qeyd edib.

V.Gülməmmədov bildirib ki, bu, bizim Avropa İttifaqı ilə olan ilk iş birliyimizdir və ümidvarıq ki, əməkdaşlığımız davamlı olacaq və digər inkişaf alətlərindən də istifadə etmək imkanlarımız da genişlənəcək.

Azərbaycan Hesablama Palatası ilə əlaqələrin çox sıx olduğunu deyən Polşa Ali Audit İdarəsinin prezidenti Kşiştof Kviatkovski qeyd edib ki, bizim Azərbaycan ilə layihələrimiz hər zaman uğurlu olub. Əminəm ki, bu layihə Hesablama Palatasının Polşa Ali Audit İdarəsinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birgə əməkdaşlığı və dəstəyi ilə tam uğurla icra ediləcək.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib: "Tvininq layihələrinin həyata keçirilməsi baxımından Azərbaycan "Şərq Tərəfdaşlığı"na üzv olan ölkələr arasında liderdir. Azərbaycanda 46 Tvininq layihəsi həyata keçirilib, 13-ü hazırda icra olunur, 8 layihənin icrasına isə hazırlıq gedir. "Tvininq layihəsi unikal bir alətdir. Əminəm ki, Polşa ilə Azərbaycan arasında audit sahəsində həyata keçirilən Tvininq layihəsi ilə yüksək keyfiyyətli iş qurulacaq və konkret nəticələr əldə olunacaq".

"Cənubi Qafqazda Azərbaycan və Gürcüstanla əməkdaşlığı daha da dərinləşdirmək və gücləndirmək niyyətindəyik. Bu Tvinninq layihəsinin çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, bu Tvininq layihəsinin icrası olduqca vacibdir və 27 aydan sonra məhsuldar nəticələr əldə olunacaq. Bu da Azərbaycanın daha da müasir və inkişaf etmiş ölkəyə çevrilməsinə kömək edəcək", - deyə Polşanın Azərbaycandakı səfiri Marek Tsalka vurğulayıb.

Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, Tvinninq layihəsinin Aİ-nin dəstəyi ilə həyata keçirilməsinə Azərbaycan və Aİ arasında hazırlanan strateji əməkdaşlığın bir hissəsi kimi də baxmaq olar. Azərbaycanda aparılan islahatlar iqtisadiyyatın strukturu ilə yanaşı, dövlət idarəetmə orqanlarını da əhatə edir. Məhz bu baxımdan dövlət idarəetmə orqanlarında maliyyə nəzarətinin şəffaflığı, eyni zamanda, nəzarətin səviyyəsinin artırılması əsas məsələlərdən biridir. Hesablama Palatasının son illər Milli Məclisə təqdim etdiyi rəylər yüksək səviyyədədir. Rəylərin əhatəliliyi, substantiv olması, həm də başqa alternativ yolların göstərilməsi audit rəylərinin peşəkarlıqla hazırlanmasının göstəricisidir.

Polşa Ali Audit İdarəsinin vitse-prezidenti layihə ilə bağlı təqdimatla çıxış edib.