Deputat: Cəmiyyətlərin gələcək rifahı üçün kibertəhlükəsizliyin təmini mühüm əhəmiyyət kəsb edir

Andorra

AZƏRTAC xəbər verir ki, sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini, deputat Tahir Mirkişili iştirakçıların diqqətini texnologiyaların inkişafının dünyaya həm müsbət, həm də mənfi təsir göstərdiyinə yönəldib. Hazırda dünyada əhalinin 46 faizinin internetə qoşulduğunu, hər dəqiqə kiberməkanda 500 milyon hücumun təşkil edildiyini, 95 faiz belə hücumun səbəbinin qazanc olduğunu, 2035-ci ilədək dünyada internetə qoşulacaq cihazın bir trilyona çatacağını söyləyən Tahir Mirkişili cəmiyyətin artıq texnologiyalardan asılı olduğunu vurğulayıb.

“Bu faktdır ki, bizim iqtisadi rifahımız, milli təhlükəsizliyimiz və cəmiyyətin inkişafı hazırda texnologiyalardan asılıdır. Ölkələrin hava, su, quru məkanları anlayışına “kiberməkan” anlayışı da daxil olub. Əksər müasir ölkələr kiber diversiyalar ilə üzləşirlər. Uğurlu təşkil olunmuş kiberhücum 3 gün ərzində dünyada kritik infrastrukturun və insan cəmiyyətinin məhvinə səbəb ola bilər”, – deyən deputat kiberməkanın qorunmasının həyati əhəmiyyət kəsb etdiyini bildirib. O əlavə edib ki, bunun üçün isə ölkələrin biri-biri ilə daha çox əməkdaşlığı, təhsilin və ilkin xəbərdaredici sistemlərin səviyyəsinin daha da yüksəldilməsi və özəl həyatla təhlükəsizlik arasında balansın tapılması vacibdir.