Ticarət evləri ölkəmizə nə verəcək?

Bakı
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili "Kaspi”yə açıqlamasında dedi ki, Azərbaycanda aparılan iqtisadi islahatların mühüm istiqamətlərindən biri ixrac potensialının artırılması və ixraca yönəlik sahələrin inkişafıdır. İxrac fəaliyyətinin əsas hissəsi xarici bazarlara çıxış, bazar araşdırmaları, xarici bazarların ələ keçirilməsi, xarici bazarlarda milli sahibkarların maraqlarının qorunması və ticarət maneələrinin aşılmasıdır: "Bu baxımdan, Azərbaycan Prezidentinin fərmanı ilə xaricdə Azərbaycanın ticarət nümayəndələrinin təyin edilməsi yaradılacaq güclü ixrac potensialının reallaşmasına hesablanıb. Xarici bazarlarda çox güclü rəqabət var. Azərbaycan ixracatçılarının bu rəqabətdə rəqiblərinə qalib gəlməsi üçün bir tərəfdən keyfiyyətli məhsul istehsal etməsi tələb olunursa, digər tərəfdən də güclü marketinq və təbliğat işlərinin aparılması, ixrac olunan ölkələrin qanunlarının mənimsənilməsinə ehtiyac var. Ticarət nümayəndələri bütün bu məsələlərdə milli ixracatçıların maraqlarını qoruyaraq ümumilikdə ölkənin iqtisadi maraqlarını təmin edəcəklər”.