Kiçik və orta sahibkarlığın inkişafı prioritetdir

Bakı

Ölkə Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrası Azərbaycanda davamlı iqtisadi inkişafın əsasını qoyacaq. Milli Məclisin deputatı Tahir Mirkişili qəzetimizə açıqlamasında məlumat verdi ki, kiçik və orta sahibkarlıq (KOS) bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə kəmiyyət baxımından ən çox yayılan biznes formasıdır. Belə sahibkarlıq subyektləri dünyada ən qədim və ən çox yayılan biznes forması hesab edilir: “Bir çox ölkələrdə kiçik və orta sahibkarlıq bazardakı təsərrüfatların 60%-dən çoxunu təşkil edir və ölkənin iqtisadi inkişafında və iş yerlərinin yaradılmasında mühüm rol oynayır. Məsələn, İspaniyada bazardakı təsərrüfatların təqribən 70%-i kiçik və orta sahibkarlıq subyektləridir və onların ÜDM-də payı 65%-ə çatır. Kiçik və orta sahibkarlığı xarakterizə edən amillər onların sürətlə yaradılması, qərarların qəbulunda çeviklik, bazarda dinamiklik, yüksək motivasiya, qənaətcillik, dövlətdən dəstək alma imkanlarıdır. Eyni zamanda, kiçik və orta sahibkarlıq subyektləti innovativ ideyaların yaradılmasında, artımın inkluzivliyinin təmin olunmasında, iqtisadi inkişafın dayanıqlılığında mühüm rol oynayırlar. Proqnozlara görə, hazırda dünyada baş verən 4-cü sənaye inqilabı ən çox kiçik və orta sahibklarlığa təsir edərək, onların rolunun kiçilməsinə səbəb olur. Bu isə hər bir ölkə üçün milli iqtisadi təhlükəsizliyin azalması və iqtisadi dayanıqlığın pozulması deməkdir. Bu baxımdan kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.”

T.Mirkişili bildirdi ki, ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” hazırda dünyada və Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin qarşısında duran çağırışları təhlil edərək həyata keçirilməsi zəruri olan tədbirləri özündə ehtiva etmişdir: “Sənəddə KOS-un inkişafı üçün 5 əsas istiqamət müəyyən olunmuşdur. Bunlar ölkədə biznes mühitinin və tənzimləyici bazanın daha da yaxşılaşdırılması, maliyyələşmə resurslarına sərfəli və səmərəli çıxışın təmin edilməsi, kiçik və orta sahibkarlığının fəaliyyətinin beynəlmiləlləşdirilməsi və xarici bazarlara çıxış imkanlarının artırılması, ixtisaslı işçi qüvvəsinin hazırlanmasına və KOS subyektlərinin bacarıqlarının inkişafına xüsusi diqqət ayırmaqla innovasiyaların təşviqi, bu sahə ilə bağlı araşdırma və inkişaf fəaliyyətinin gücləndirilməsidir.”