Dövlət başçısının fərmanı məcburi köçkünlərin sosial müdafiəsi üçün atılan addımdır

Bakı

Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan fərman həmin kateqoriyadan olan ailələrin sosial müdafiəsi üçün atılan addımlardandır.

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Millət vəkili bildirib ki, dövlətin sosial siyasətinin əsas məqsədlərindən biri sosial qayğıya və təminata ehtiyacı olan vətəndaşların həyat şəraitinin yüksəldilməsidir:

"Sosial xərclərin əsas effektivliyi ilə onların ünvanlılığı arasında birbaşa asılılıq var. Bu baxımdan dövlət başçısının fərmanı ilə dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin olunması məqsədilə atılan addım bütövlükdə bu sistemin effektivliyinin artırılmasına yönəlib. Bu mexanizm həm də qarşılılıqlı hesablaşmalar sistemində əməlliyat xərclərinin azalmasına, vaxt itkisinin qarşısının alınmasına və çevikliyin artırılmasına səbəb olacaq. Beləliklə də, maliyyə idarəetməsində nail olunan əlavə effektivliyin nəticəsində əldə olunan qənaət hesabına gələcəkdə məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün daha çox iş görmək mümkün olacaq".