Tramp dolları ucuzlaşdıracaq? - Deputatın proqnozu

Bakı

“ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasimindəki çıxışının böyük hissəsi Amerika iqtisadiyyatının inkişafına həsr olundu. Ənənəvi respublikaçı yanaşmasından fərqli olaraq Tramp bunun üçün daha çox proteksionist iqtisadi siyasət yürüdücəyini elan etdi”.

Bunu deputat Tahir Mirkişili Trampın çıxışın AzVision.az-a şərh edərkən deyib. Deputat bildirib ki, ABŞ prezidenti bazarın daha çox qapadılması, yerli istehsalı qorumaq, enerji idxalından asılılığı azaltmaq və s kim addımların atılacağını elan edib:

“Məhz belə bəyanatlar ABŞ dollarının son aylar daha da güclənməsinə səbəb olub. Ancaq ABŞ iqtisadiyyatı açıq iqtisadiyyatdır, güclü dolların olması ABŞ iqtisadiyyatını ixrac imkanlarından məhrum edərək, istehlakçı iqtisadiyyatın yaranmasına və ABŞ-ın onsuz da nəhəng olan dövlət borclarının artımına gətirib çıxaracaq. Məhz bu reallıqları qəbul edən ABŞ prezidenti “zəif dollar”ı dəstəkləyəcəyini elan etdi. Bu səbəbdən ABŞ-la ÇİN arasında “valyuta kursu” üzrə narazılıqlar yaranıb. ÇİN-i öz vayutasını süni şəkildə ucuzlaşdırmaqda ittiham edən ABŞ öz valyutasının möhkəmlənməsinin digər dövlətlərin ixracına dəstək olduğunun fərqindədir. 

Zəif dolları dəstəkləmək üçün böyük ehtimalla ABŞ Federal Ehtiyatlar Sistemi faiz dərəcələrini dəyişməkdə tərəddüd edərək, uçot dərəcələrini aşağı sala bilər. Amma nəzərə almaq lazımdır ki, ABŞ dolları bir milli valyuta anlamından çıxıb qlobal valyutaya çevrilib. Ona görə də dünya bazarlarında baş verənlər də dolların dəyərinə təsirini göstərəcəkdir”,-deyə T.Mirkişili vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donald Tramp bu yaxınlarda The Wall Street Journal-a müsahibəsində bildirmişdi ki, o zəif dolları dəstəkləyir. Bu bəyanatın ardınca ABŞ dolları müəyyən qədər aşağı düşməyə başlamışdı.