Deputat ATƏT-ə: “Faktları araşdırmaqla nəyəsə nail olmaq qeyri-mümkündür”

Bakı

Azərbaycanın işğal altındakı ərazilərində süni məskunlaşdırma məsələlərini araşdıran ATƏT-in faktaraşdırıcı missiyasının fəaliyyəti nəzərə çarpmır. Son vaxtlar konkret görülən işlərin nədən ibarət olduğu da bəlli deyil.

Bəs faktaraşdırıcı missiya nə işlə məşğuldur?  

Azərbaycanın ATƏT-in PA-dakı nümayəndə heyətinin sədr müavini Tahir Mirkişili Modern.az-a açıqlamasında faktı araşdırmaqla nəyəsə nail olmağın mənasız olduğunu deyib.

 “Faktaraşdırıcı missiya məsələsinə bu konteksdə baxmaq lazımdır. Faktları gəlib araşdırmaqla nəyəsə nail olmaq qeyri-mümkündür. Əsas fakt işğal faktıdır, Ermənistan qoşunlarının Azərbaycan ərazisində olmasıdır. Əslində, yaranan nəticələrdənsə, daha çox səbəbləri araşdırmaq lazımdır.

 Ona görə də inanırıq ki, səbəbləri, işğal faktını aradan qaldırmaqla bütün digər nəticələrə də son qoymaq mümkündür. Yoxsa, sadəcə, hər hansı bir faktı götürüb araşdırmaq və bunun səbəbini araşdırmamaqla bu faktın nəticəsini aradan qaldırmaq qeyri-mümkündür. Ümumi mövqe bundan ibarətdir. Ona görə də bu missiyanın daha da böyüməsi, daha da artırılması, aktivləşdirilməsi zamanı hesab etmirik ki, məsələnin həllinə böyük bir yardım edəcək”.

 Deputatın sözlərinə görə, əsas səbəblər aradan qaldırılmalıdır.

 “Burada faktaraşdırıcı missiyanın lazım olub-olmamasından söhbət gedir. Hesab edirik ki, bu missiyanın belə bir fəaliyyətinin daha da aktivləşməsinin, böyük ya da kiçik formada işlərin görülməsinin məsələnin həlli ilə o qədər də əlaqəsi yoxdur. Çünki məsələnin həll yolu və səbəbləri bəllidir.

 Bu səbəbləri aradan qaldırmaq lazımdır. Bununla bağlı beynəlxalq ictimaiyyətin ümumi mövqeyi var. Bunları aradan qaldırmadan hər hansı faktın araşdırılmasının mənası yoxdur”.